
Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Zirvəsi çərçivəsində ortaq əlifba məsələsi də müzakirə olunacaq.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu bildirib.
O qeyd edib ki, Türk dünyasının birliyini ifadə edən ortaq dəyərlər və mədəni əlaqələr Türkiyə-Azərbaycan qardaşlığının və əməkdaşlığının əsasını təşkil edir.
Kürşad Zorlu bildirib ki, iki ölkə arasındakı münasibətlər bu günə asanlıqla gəlib çatmayıb, bu prosesdə ciddi çətinliklər yaşanıb və müəyyən bədəllər ödənilib.
O, son dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmağa yönələn bəzi paylaşımları və təşəbbüsləri təəssüflə izlədiklərini vurğulayıb.
“Biz bir-birimizi tənqid edə, çatışmazlıqlarımızı dilə gətirə bilərik. Dövlət qurumlarımız da bunu ən yüksək səviyyədə qarşılıqlı şəkildə edirlər. Ancaq biz bir millət, iki dövlətik. Bizi bir araya gətirən bu böyük amal hər şeydən üstün olmalıdır. İnanıram ki, bu inam və məsuliyyətlə hərəkət etdikdə heç bir təxribat məqsədinə çata bilməyəcək”, – o bildirib.