• 15 °C
|

Naxçıvanda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə tədbir təşkil edilib

29 Oktyabr 2025
img

Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Ali Məclisin deputatları, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş respublikaların dövlət himnləri səsləndirilib.

Tədbirdə cümhuriyyət tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 102-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubu oxunub.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin böyük uzaqgörənliklə başlatdığı və dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələrinin bu gün ölkələrimizi qlobal müstəvidə qüdrətli edən mühüm amil olduğunu vurğulayıblar.

Tədbir bədii hissə ilə davam edib.