Qazaxıstan və Azərbaycan arasında siyasi münasibətləri nümunəvi adlandırmaq olar. Bu münasibətlər uzun illər ərzində formalaşan strateji etimada əsaslanır və son illərdə xüsusilə yüksək dinamika qazanıb.
Bunun APA-ya açıqlamasında qazax ekspert, Avrasiya İnteqrasiyası İnstitutunun Siyasi Ekspertiza Departamentinin rəhbər müavini Adilxan Qadelşiyev bildirib.
Politoloq bu münasibətlərin formalaşmasına Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şəxsi töhfəsini xüsusi vurğulayıb: “Əgər yüksək səviyyəli görüşlərin dinamikasına baxsaq, 2017-ci ildən bu günə qədər Qazaxıstan və Azərbaycan prezidentləri rəsmi, işgüzar və beynəlxalq sammit çərçivəsində 10-dan artıq görüş keçirib. Xüsusilə 2022–2025-ci illər arasındakı dövr diqqətəlayiqdir: dövlət başçıları mütəmadi olaraq Bakı, Astana, Şuşa, Qəbələ şəhərlərində, həmçinin Əbu-Dabi və Budapeşt kimi beynəlxalq forumlar zamanı görüşüblər”.
İlk dəfə olaraq Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsini institusional baxımdan ciddi bir irəliləyiş olduğunu qeyd edən ekspert dövlət başçılarının müntəzəm telefon danışıqları, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BMT-nin Xüsusi Proqramı (SPECA) və COP29 kimi mühüm beynəlxalq platformalardakı iştirakları Bakı ilə Astana arasında dialoqun yalnız müntəzəm deyil, həm də sistemli və strateji şəkildə qurulduğunu göstərdiyini bildirib.
O, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın hazırda aktiv inkişaf mərhələsində olduğunu qeyd edib: “2020–2024-cü illər arasında ölkələrimiz arasında ticarət dövriyyəsi demək olar 5 dəfə artıb ki, bu da iqtisadi əlaqələrin sürətli inkişafını təsdiqləyir. Xüsusilə Azərbaycanın Qazaxıstana ixrac etdiyi məhsulların həcmi diqqətəlayiq şəkildə artıb – yalnız son altı ayda 58% yüksəlib”.
O, həmçinin əməkdaşlığın strukturunun da genişləndiyini, nəqliyyat, logistika, rəqəmsal infrastruktur və gəmiqayırma kimi sahələri əhatə etdiyini və artıq enerji və rəqəmsal infrastrukturun xüsusi əhəmiyyət qazandığını vurğulayıb: “Məsələn, 2023-cü ilin martından etibarən “SOCAR Midstream Operations” şirkəti tərəfindən “Tenqiz” yatağından hər ay 125 min ton neft Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə daşınır. Bu, siyasi iradə və effektiv əməkdaşlığın böyük layihələrin gerçəkləşdirilməsində necə önəmli rol oynadığını göstərir”.
Qazax politoloq deyib ki, “Rəqəmsal İpək Yolu” layihəsi – Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi layihəsi ölkələrimizi beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzinin əsas qovşaqlarına çevirə bilər.
Orta Dəhlizin inkişafının Cənubi Qafqaz və Mərkəzi Asiyanın regional inteqrasiyasına ciddi töhfə verəcəyini və bu layihənin qlobal əhəmiyyətini vurğulayan Adilxan Qadelşiyev onun reallaşmasında Qazaxıstan və Azərbaycanın həlledici rola malik olduğunu diqqətə çatdırıb: “Odur ki, bu marşrutun effektivliyi və onun Avrasiya inteqrasiyasına real töhfə verə bilməsi məhz Bakı və Astananın uzlaşmış fəaliyyətindən asılıdır”.
O, qloballaşmanın konfrontrasiya və ticarət axınlarının yenidən istiqamətləndirilməsi ilə müşayiət olunduğu dövrdə, iqtisadi təhlükəsizlik anlayışının daha çox önəm daşığını və Orta Dəhliz layihəsinin də məhz belə çağırışlara strateji cavab odluğunu əlavə edib.
Azərbaycandan və Qazaxıstandan ibarət tandemin Avrasiya logistik strukturunun yeni arxitekturasını formalaşdırmaq istiqamətində ciddi addımlar atdığını bildirən politoloqun sözlərinə görə, dövlət başçılarının dəstəyi və nəqliyyat qurumlarının əlaqələndirilmiş fəaliyyəti nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) getdikcə etibarlı alternativə çevrilib:
“2025-ci ildə TMTM üzrə yük daşımalarının həcmi 6%, konteyner daşımaları isə 93% artıb. Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında imzalanmış tariflərin birləşdirilməsi ilə bağlı son saziş isə bu istiqamətdə dönüş nöqtəsi oldu. Dünya Bankının hesablamalarına görə, 2030-cu ilə qədər daşımaların həcmi üçqat artacaq, çatdırılma müddəti isə yarıbayarı azalacaq”.