• 27 °C
|

Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək

12 Sentyabr 2026
img

Mediada yaşanan insidentlər Azərbaycan-Polşa münasibətlərinə təsir etməyəcək.

Bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı APA-ya açıqlamasında deyib.

Səfir səfərlə bağlı təəssüratlarını bölüşüb.

“Bu səfərdən yalnız xoş və çox yaxşı təəssüratlar qazanıram. Bu, mənim Qarabağa ilk səfərim deyil, artıq dördüncü səfərimdir. Buna görə də, ilk növbədə, azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və modernləşdirmə işlərindəki irəliləyişi müqayisə etmək imkanım var. Və çox açıq, çox aydın şəkildə görünür ki, bu irəliləyiş həqiqətən də çox böyükdür. Azərbaycan xalqının və hökumətinin göstərdiyi qərarlılıq məni heyran edir. Çünki belə işləri həyata keçirmək üçün çoxlu resurs, çoxlu maliyyə vəsaiti yatırmaq lazımdır. Bərpa edilmiş Şuşanın gözəlliyi isə həqiqətən heyrətamizdir. Eyni zamanda, həmişə olduğu kimi, heyranlıq doğuran dağlardan keçirik. Təbiətin gözəlliyi də inanılmazdır”,- səfir qeyd edib.

O, Polşa mətbuatında Azərbaycana qarşı qərəzli iddiaların yer almasına da münasibət bildirib.

“Mən hesab edirəm ki, Polşa-Azərbaycan ikitərəfli münasibətləri çox yaxşı vəziyyətdədir. Biz daim əlaqədəyik və ikitərəfli əməkdaşlığı izləmək üçün müəyyən mexanizmimiz var. Aramızda yaxşı dialoq mövcuddur və bu dialoqu daha da inkişaf etdirmək üçün müəyyən planlarımız var".

Diplomat əlavə edib ki, mediada yayımlanan bəzi materiallara sadəcə olaraq “insident” kimi yanaşmaq lazımdır: "Belə hallar ikitərəfli münasibətlərə təsir etməməlidir və əminəm ki, təsir etməyəcək”.