• 19 °C
|

Slovakiyanın müdafiə naziri: Azərbaycanın malik olduğu texnologiya və pualar bizim üçün maraqlıdır – MÜSAHİBƏ

29 Sentyabr 2026
img

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın APA-ya müsahibəsi

– Azərbaycan və Slovakiya arasında müdafiə sahəsində imzalanan müqavilələrin icrası hazırda hansı mərhələdədir?

– Azərbaycan və Slovakiya arasında 100 ədəd avtomatik minaatanın alınmasına dair 210 milyon avro dəyərində çərçivə müqaviləsinin icrasının hazırda birinci mərhələdəyik. Düşünürəm ki, sabah ADEX-də ilk Azərbaycan istehsalı avtomatik minaatanı görmək imkanınız olacaq. Əməkdaşlığımızın ilk nəticəsini təqdim edə bildiyimiz üçün çox qürurluyuq.

Ümid edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik və son mərhələdə məhsulların tamamilə Azərbaycanda istehsalına keçəcəyik. Plan belədir ki, müqavilənin üçdəbirini Slovakiyadakı zavodlarımız təmin edəcək. Bu mərhələdə texnologiya transferi həyata keçiriləcək. İkinci üçdəbir mərhələdə istehsal yarı Azərbaycanda, yarı Slovakiyada aparılacaq. Sonuncu üçdə bir mərhələdə isə texnologiya transferinin tamamlanacağını və məhsulların tamamilə Azərbaycanda istehsal ediləcəyini düşünürəm. İlk nümunə artıq buradadır və sabah ADEX-də onu görə biləcəksiniz. Düşünürəm ki, hər şey plan üzrə gedir və Azərbaycanlı dostlarımızla əməkdaşlığımızdan çox məmnunuq.

– Bu müqavilədən sonra Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində yeni birgə layihələrin, o cümlədən texnologiya transferi və birgə istehsal imkanlarının reallaşdırılması gözlənilirmi?

– Bəli, bayaq da qeyd etdiyim kimi bu müqavilə texnologiya transferinə əsaslanır. Biz sadəcə məhsullarımızı satmaq istəmirik. Biz ümumi təhlükəsizlik maraqlarımızı bölüşmək istəyirik və bunun yollarından biri də bilik və texnologiyalarımızı paylaşmaqdır.

Digər tərəfdən, Azərbaycan tərəfinin malik olduğu texnologiya və pualar da bizim üçün maraqlıdır. Xüsusilə Azərbaycanda çox yüksək səviyyədə inkişaf etmiş dron texnologiyasını öyrənməyə diqqət yetiririk. Artıq bəzi məhsulları seçmişik və düşünürük ki, yaxın gələcəkdə real razılaşmaya nail olacağıq.

– Onda yaxın gələcəkdə Azərbaycan və Slovakiyanın birgə müdafiə sənayesi müəssisəsinin və ya zavodunun yaradılacağını deyə bilərik?

– Bəli, belə planlarımız var. Bu məsələ hazırda bizim nazirliyimizlə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında müzakirə olunur. Düşünürəm ki, sabah Vüqar Mustafayevlə görüşümüz olacaq və bu müzakirəni səbirsizliklə gözləyirəm. Vüqarla hər zaman çox yaxşı müzakirələrimiz olur. Bu müzakirələrin bir hissəsi də Slovakiya və Azərbaycan şirkətləri arasında mümkün birgə müəssisənin yaradılması olacaq. Nəhayət, qarşıdakı illərdə əməkdaşlığımızın hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirmək istəyirik.