Azərbaycan Türk dünyası regionunda ticarət, nəqliyyat və kommunikasiya sahələrinin inkişafı baxımından çox mühüm ölkədir.
Bunu "Report"a müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev deyib.
Onun sözlərinə görə, coğrafi baxımdan Türk regionunun mərkəzində yerləşən Azərbaycan birləşmiş Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır:
"Ortaq tarix, dil, mədəniyyət və ənənələrlə digər Türk dövlətləri ilə bağlı olan Azərbaycan Türk dünyasında körpü rolunu oynayır. İkincisi, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əldə etdiyi mühüm siyasi, iqtisadi və sosial inkişafı qürurla qeyd edə bilərik. Azərbaycan ötən illər ərzində beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu sübut edib".
K.Ömüraliyev Türk dünyasının bir hissəsi olan Azərbaycanın dünyada mövcud olan ciddi siyasi-hərbi təlatümlər dövründə sülhü, sabitliyi və təhlükəsizliyi qorumaq istiqamətdəki iradəsi və bacarığının nümunəvi olduğunu vurğulayıb:
"Bu gün beynəlxalq hüquq prinsipləri əsasında suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Azərbaycan təkcə ölkə daxilində deyil, həm də regionda və daha geniş miqyasda sülhə, sabitliyə və rifaha güclü töhfə verir".
Baş katib onu da qeyd edib ki,Azərbaycan Türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli formatda enerji və nəqliyyat üzrə regional layihələrin təşəbbüskarlarından biridir:
"Məlum olduğu kimi, Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və digər bu kimi genişmiqyaslı regional enerji və nəqliyyat layihələrini həyata keçirib".