
“Bu gün ilk növbədə həmrəyliyimizi ifadə etmək istəyirəm, çünki bu gün 20 Yanvardır — Qara Yanvar günüdür. Biz hər zaman Azərbaycan xalqı ilə həmrəyik, daim sizinləyik və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və azadlığını həmişə dəstəkləyirik”.
APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev jurnalistlərə açıqlamasında bildirib.
“Biz xüsusilə bu gün Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk. Bu gün biz daha bir humanitar yardım paketini qəbul edirik ki, bu da qış dövründə, Rusiya tərəfindən elektrik infrastrukturumuza edilən terror hücumlarından sonra bizim üçün son dərəcə vacibdir”, – diplomat qeyd edib.
Ukrayna səfiri Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Yuri Husyev Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirdiklərini, bu ağır dövrdə göstərilən bu dəstəyi heç vaxt unutmayacaqlarını qeyd edib.