• 11 °C
|

XIII Bakı Qlobal Forumunun II günündə Çinlə bağlı panel müzakirəsi keçirilib

13 Mart 2026
img

XIII Bakı Qlobal Forumu davam edir.

APA xəbər verir ki, forum çərçivəsində “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel müzakirəsi keçirilib.

Əvvəlcə Çinin BMT-də Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi və Almaniyadakı keçmiş səfiri Vu Honqbo çıxış edib.

O, ölkəsinin beynəlxalq nizamla bağlı mövqeyi, dəstəklədiyi layihələr və irəli sürdüyü təkliflər ətrafında danışıb:

“BMT-də islahatlar aparılmalıdır, düzdür, ancaq BMT-siz bir dünyanın nə qədər xaos içərisində olacağını da təsəvvür edə bilirəm”.

O əlavə edib ki, dünyanın iki supergüc tərəfindən idarə olunması Çin tərəfindən dəstəklənmir və Çin çoxtərəfliliyin tərəfdarıdır.

Ardınca çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmiz və Çin arasında olan strateji əməkdaşlıq əlaqələrindən, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında birləşdirici bir körpü rolu oynamasından danışıb.

Sonra isə Sloveniyanın sabiq prezidenti Borut Pahor və İtaliyanın keçmiş Baş naziri Romano Prodi Çinin dünya siyasətində və iqtisadiyyatındakı rolundan söz açıb.

“Çin dünyanın bir nömrəli iqtisadiyyatına çevrilir və özünü növbəti 15 il ərzində qlobal lider olmaq mövqeyinə hazırlayır”, – o bildirib.

“Gələcəkdə elə bir vəziyyət yaranacaq ki, biz heç bir şeyi Çinə ixrac edə bilməyəcəyik”, – Prodi qeyd edib.

Ardınca Özbəkistan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov çıxış edərək Mərkəzi Asiyanın, xüsusilə də, Özbəkistanın Çinlə əlaqələri, əməkdaşlıq fürsətləri barədə danışıb.

İqtisadçı və sinoloq Josef Mondl Çinin irəli sürdüyü təşəbbüslərin strateji iqtisadi məqsədləri barədə danışıb və Çinin dəstəklədiyi ayrı-ayrı layihələrin eyni strategiya güddüyünü və bu layihələrə ümumi məqsəddən “izolyasiya edilmiş pazl parçaları” kimi baxmamalı olduğunu vurğulayıb.

Böyük Britaniyanın sabiq parlament üzvü və xarici işlər naziri Tobias Elvud qlobal siyasətdə yaranan artan risklər və beynəlxalq sistemin qeyri-stabil olması haqqında danışıb.

O bildirib ki, dünya sistemi dəyişir, böyük dövlətlər arasında rəqabət artır və əgər yeni beynəlxalq qaydalar yaradılmasa, bu proses ciddi qlobal qarşıdurmaya gətirib çıxara bilər.