Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mətbuat konfransında bildirib.
“Bu proqram Ukrayna və Azərbaycan arasında əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır”, – o deyib.
Qusev bir həftə əvvəl daha bir qrup ukraynalı uşağın istirahət və reabilitasiya üçün Azərbaycana gəldiyini və onlar üçün bu gün Pasxa bayramları münasibətilə “Gələcək naminə uşaqlar üçün. Ukrayna – Azərbaycan” xeyriyyə məqsədli bədii tədbir çərçivəsində xeyriyyə konsertinin təşkil olunduğunu bildirib.
Ukrayna səfirliyinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsi zamanı valideynləri ölmüş və ya itkin düşmüş 29 uşaq hazırda Azərbaycanda reabilitasiya olunur.
Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə qeyd edib ki, bugünkü tədbir iki ölkə arasında humanitar əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
“Hər kəsə məlum olduğu kimi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və hər zaman Ukrayna xalqının yanındadır. Ümid edirik ki, müharibə tezliklə bitəcək, ukraynalı və azərbaycanlı uşaqlar gələcəkdə daha çox birgə tədbirlər keçirəcəklər”, – o qeyd edib.
Hərbi əsirlərlə iş üzrə koordinasiya qərargahının nümayəndəsi və “Gələcəyin adamları” layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk bildirib ki, indiyədək “Gələcək naminə uşaqlar üçün” xeyriyyə aksiyasında 3 mindən çox ukraynalı uşaq iştirak edib.
“Bu layihə artıq dünyanın 20-yə yaxın ölkəsində həyata keçirilib. Layihə uşaqların sosiallaşması, dəstək, o cümlədən psixoloji dəstək, onların təhsili, həmçinin idman baxımından inkişafına yönəlib”, – o əlavə edib.