• 27 °C
|

Yekaterinburqda azərbaycanlılara qarşı təzyiqlər rus şovinizminin bariz nümunəsidir – RƏY

2 İyul 2025
img

Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi cinayətkar əməliyyatlar rus şovinizminin bariz nümunəsidir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əvvəllər azərbaycanlıları sıxışdırmaq və cəzalandırmaq üçün müəyyən səbəblər axtarılırdı:

"Hazırda isə rus şovinzmi o qədər aqressivləşib ki, heç bir səbəb olmadan istənilən azərbaycanlıya hücum edir, həbs edir və zorakılıq göstərir. Bütün bunlar göstərir ki, əslində azərbaycanlıların törətdiyi hər hansı cinayətlə bağlı deyil, sadəcə Azərbaycana təzyiq qurmaq cəhdləri edilir".

Deputat bildirib ki, Rusiyada Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəmirlər:

"Bu, əslində rus imperializminin mahiyyətini ortaya çıxarmış olur. Aydın olur ki, Rusiya hələ də postsovet məkanında olan müstəqil ölkələri özünün vassalı gözündə görür. Bu əraziləri milli təhlükəsizlik coğrafiyası kimi bilir. Amma Rusiyada bu cür düşünənlər səhv edirlər. Artıq qatar çoxdan yola düşüb. Rusiyanın arzu etdiyi təhlükəsizlik çəmbəri bundan sonra postsovet məkanında yaradıla bilməz”.

H.Babaoğlu həmçinin Rusiyanın hərəkətlərini barıt çəlləyinin üstündə oturub kibritlə oynamağa bənzədib:

“Rusiya bu coğrafiyada çoxsaylı xalqların yaşadığı ərazidir. Rusların isə öz tarixi vətəni var, bu da müasir Rusiyanın çox böyük olmayan hissəsidir. Ona görə də nə qədər ki etnik nifrət konteksində barıt çəlləyi partlamayıb Rusiya məntiqə uyğun hərəkət etməlidir. Əks halda ən zərərli tərəf özləri olar”.