• 30 °C
|

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib

19 İyun 2026
img

19 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ralf Horlemannı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər. Bu çərçivədə Azərbaycan ilə Almaniya arasında biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri müzakirə olunub.

Görüş zamanı Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələrin iqlim gündəliyinin irəlilədilməsinə verdiyi töhfə qeyd olunub, yaşıl keçid və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov səfir Ralf Horlemanna gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Ralf Horlemann ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.