• 30 °C
|

“Barselona”nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb

9 İyul 2025

İspaniyanın "Barselona" Futbol Klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb.

"Report"un məlumatına görə, akademiyanın yerləşəcəyi “ASK Arena”da təmir-bərpa, yenidənqurma işləri aparılır.

Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydannın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunur.

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:

– Futbol meydanlarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi

– İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş paltardəyişmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmir edilməsi

– Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb. Görüşdə Azərbaycanda “Barselona” Futbol Akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib. Martın 31-də isə Kataloniya təmsilçisinin rəsmiləri Bakıya səfər ediblər və "ASK Arena"ya baxış keçiriblər.

Foto: Mircavid Eminoğlu