• 19 °C
|

Politoloq: Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı gözləntilər çox yüksəkdir

18 Oktyabr 2025
img

Türk Dövlətləri Təşkilatının sadəcə mədəni forumdan strateji maraqların uzlaşdırıldığı platformaya çevrilməsi müşahidə olunur və burada Qazaxıstan və Azərbaycan iki əsas sütun rolunu oynayır.

Bunu APA-ya açıqlamasında qazax politoloq, Avrasiya İnteqrasiyası İnstitutunun Siyasi Ekspertiza Departamentinin rəhbər müavini Adilxan Qadelşiyev deyib.

Onun sözlərinə görə, bu təşkilat üzv ölkələr üçün enerji, nəqliyyat, rəqəmsallaşma və humanitar sahələrdə təşəbbüsləri irəli sürə biləcəkləri strateji dialoq məkanıdır: “TDT xüsusilə çoxtərəfli formatda qarşılıqlı əlaqələr baxımından böyük üstünlüklər yaradır. Qardaş ölkələr bu platformada mövqelərini uzlaşdırır, ortaq maraqlar sahəsi formalaşdırırlar”.

İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi imkanlarından danışan ekspert enerji daşıyıcılarının hasilatı və ixracı, logistika marşrutları ilə bağlı layihələrin birgə əməkdaşlıq üçün geniş imkanlar açdığını vurğulayıb: “Prezident Kasım-Jomart Tokayevin prioritet hesab etdiyi əsas məsələlərdən biri nəqliyyat-logistika sahəsində əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarmaqdır. Bu mənada neft-qaz layihələrinin birgə işlənməsi və enerji resurslarının daşınması əməkdaşlığı daha da gücləndirə bilər. Azərbaycan vasitəsilə məhdud sayda tranzit marşrutlarından asılılığı azaltmaq ümumi siyasi və iqtisadi təhlükəsizliyi artıracaq”.

İki ölkə liderlərinin səfərlərinin dövlətlər arası əlaqələrə stimul verdiyini qeyd edən Adilxan Qadelşiyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı gözləntilərin çox yüksək olduğunu bildirib: “Biz energetika, nəqliyyat, rəqəmsallaşma sahələrində yeni sazişlərin imzalanmasını və Prezident İlham Əliyevin iştirakı ilə keçiriləcək biznes forumda yeni layihələrin əsasının qoyulmasını gözləyirik”.

Prezident İlham Əliyevin səfərinin Qazaxıstan üçün qardaşlıq münasibətlərini bir daha təsdiqləmək fürsəti olduğunu bildirən politoloq bu səfərin diplomatik dinamikamızın və strateji yaxınlığımızın növbəti mərhələsi olacağına, konkret təşəbbüslərlə zəngin keçəcəyinə əminliyini ifadə edib.