
19 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.
Görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub. Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb.
Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar, post-münaqişə dövründə bərpa-quruculuq işləri barədə məlumat verib.
Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.