• 13 °C
|

Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd olunub – FOTO

27 Noyabr 2025
img

Noyabrın 27-də Qarabağ Universitetinin İncəsənət fakültəsində universitetin yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərginin açılışı keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, şəhər ictimaiyyətinin nümayəndələri, universitetin əməkdaşları və tələbə heyəti iştirak edib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında ali təhsil müəssisəsinin iki il ərzində keçdiyi inkişaf yoluna toxunub. Rektor Qarabağ Universitetinin həm tədris prosesinin təşkili, həm də elmi və mədəni fəaliyyət sahələrində ardıcıl nailiyyətlər əldə etdiyini vurğulayıb.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə çıxışında fakültədə aparılan tədris və yaradıcılıq istiqamətli işlər, tələbələrin akademik hazırlığı və müxtəlif incəsənət layihələrinin bölgənin mədəni həyatına verdiyi töhfələr barədə məlumat verib.

Konsert proqramı Cadenza orkestrinin ifasında Niyazinin “Qaytağı” əsəri ilə açıq elan olunub.

Proqram çərçivəsində İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələri tərəfindən klassik və milli musiqi nümunələri təqdim olunub. Konsert proqramı “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.

Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf” adlı fərdi sərgisi açılıb.

Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib.