• 8 °C
|

Suraxanıda arvadını parkda qətlə yetirən şəxsə hökm oxunub

28 Yanvar 2026
img

Suraxanıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, N.Məhərrəmovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Natiq Məhərrəmov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən Neftçilər parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.

N.Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.