
Bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Gülcahan İmanqızı
***
12:33
Xəbərə video əlavə olunub.
***
11.46
Bakının mərkəzində binada yanğın başlayıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, paytaxtın Səbail rayonunda yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.