• 12 °C
|

BMTM sədri: C6 bərpaolunan enerji sahələrində də funksional platformaya çevrilməlidir

18 Fevral 2026
img

C6 Xəzər hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına xidmət edir.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mərkəzin təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

O, konfransı açıq elan edərək bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşularaq regional əməkdaşlıq mexanizmini C5-dən C6 formatına yüksəldib.

F.Şəfiyev qeyd edib ki, bu qərar regionda əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və Xəzər hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına xidmət edir.

O vurğulayıb ki, qlobal rəqabət və qeyri-sabitlik şəraitində strateji dayanıqlılığı təmin etmək üçün ölkələr arasında bağlantılar gücləndirilməli, nəqliyyat marşrutları şaxələndirilməli və əməkdaşlıq ortaq maraqlar əsasında qurulmalıdır.

Mərkəz sədri C6-nı “praktiki və məqsədyönlü təşəbbüs” adlandıraraq bildirib ki, format yalnız tranzitlə məhdudlaşmamalı, enerji, investisiya və bərpaolunan enerji sahələrində də funksional platformaya çevrilməlidir.

“Sadə ifadə ilə desək, C6 seçim imkanlarını artırır. Müasir dövrdə isə seçim imkanları həyati əhəmiyyət daşıyır”, – deyə F.Şəfiyev əlavə edib.