
Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir Dövlət Proqramının təqdim etdiyi imkanlar, proqrama müraciət qaydaları və seçim meyarları haqqında gənclərin məlumatlandırılmasına həsr olunub.
Prioritet ixtisas sahələri üzrə istedadlı və potensiallı gənclərin iştirakını təşviq etmək məqsədi daşıyan sessiya Tələbə Gənclər Təşkilatının yerli ali təhsil müəssisələri üzrə nümayəndələri və üzvlərinin iştirakı üçün nəzərdə tutulub.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Dövlət Proqramının ölkənin prioritet inkişaf istiqamətlərinə uyğun olaraq insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında gənclərin xaricdə qazandıqları ali biliklər vasitəsilə cəmiyyətin inkişafına töhfə verdiklərini bildirib. O, beynəlxalq təhsil imkanlarından yararlanan gənclərin milli dəyərlərə sadiq qalaraq Azərbaycanın gələcək inkişafına təkan verməsinin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov gənclərin potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Dövlət Proqramı kimi layihələr gənclərin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına imkan yaradır.
Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı çıxışında qeyd edib ki, neft kapitalının intellektual kapitala çevrilməsi dövlətin prioritet siyasətidir və Dövlət Neft Fondu proqramın əsas maliyyə dəstəkçisi kimi ölkənin gələcək tərəqqisinə qoyulan ən səmərəli investisiyalardan birini həyata keçirir. O həmçinin bildirib ki, Dövlət Proqramı sayəsində yetişən mütəxəssislər milli iqtisadiyyatın dayanıqlı idarəedilməsində mühüm rol oynayacaqlar.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov çıxışı zamanı gənclərin təhsil və şəxsi inkişaf imkanları barədə məlumatlandırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətindən söz açıb. O bildirib ki, Tələbə Gənclər Təşkilatının ali təhsil müəssisələri üzrə nümayəndələrinin bugünkü tədbirə cəlb olunması onlar vasitəsilə gənclərin Dövlət Proqramı xətti ilə xaricdə təhsil imkanları barədə məlumatlılığının artırılmasına yönəlib.
Açılış mərasiminin ardınca baş tutan təqdimat hissəsində proqram mütəxəssisləri iştirakçılara Dövlət Proqramının təklif etdiyi imkanlar və müraciət qaydaları haqqında ətraflı məlumat veriblər.
Daha sonra proqram məzunları Abdullayeva Nərmin (“Imperial College London”, Strateji marketinq/magistratura), İsmayılzadə-Əsgərova Nigar ("London School of Economics and Political Science", Dövlət siyasəti/ magistratura), Hüseynli Şəhriyar ("London School of Economics and Political Science", Dövlət idarəetməsi / magistratura) Dövlət Proqramının onların şəxsi və karyera inkişaflarındakı rolundan bəhs edib, eyni zamanda auditoriyanın suallarını cavablandırıblar.