
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın hücumundan əvvəl Tehran nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməyə hazır idi.
APA xəbər verir ki, Əraqçi bu barədə “MS Now” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, fevralın 26-da Cenevrədə keçirilən İran–ABŞ danışıqlarında mühüm irəliləyiş əldə olunmuşdu, lakin Vaşinqton İranın mövqeyini təhrif edir.
Nazir qeyd edib ki, İranın 60 faizədək zənginləşdirilmiş 440 kiloqram nüvə materialına sahib olması Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında da əks olunub və bu məlumat gizli olmayıb.
Əraqçi bildirib ki, Tehran bu materialı daha aşağı səviyyəyə qədər seyrəltməyə və ondan imtina etməyə hazır idi, bununla da ciddi güzəştə getdiyini göstərmək istəyirdi.
“Bizim mövqeyimiz nüvə bombası yaratmaq deyildi. Bu bəyanatla göstərmək istəyirdim ki, getdiyimiz güzəşt çox böyükdür. Lakin onların bunu necə şərh etdiyini bilmirəm . Ola bilsin ki, ya məlumat azlığından, ya da əsaslandırılması mümkün olmayan hücumu haqq qazandırmaq istəyindən irəli gəlir”, – deyə İran XİN rəhbəri vurğulayıb.