
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ağdamda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, Ağdam rayon sakini 17 yaşlı yeniyetmə hüquqsuz idarə etdiyi həmkəndlisinə məxsus “KİA” markalı avtomobillə Quzanlı-Əfətli yolunda hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Yüksək sürət olduğu ehtimal edilən qazada nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü və sərnişini – 18 yaşlı Çəmənli kənd sakini Cavid Musayev isə xəstəxanaya çatdırılıb. Görülən tədbirlərə baxmayaraq Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.
"İki gəncin həyatını dəyişən sözügedən hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən şəxslərin, xüsusilə uşaq və yeniyetmələrin avtomobilin sükanı arxasına keçməsi böyük risk və bəzən də bərpası mümkün olmayan itki deməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, xüsusilə valideynləri, azyaşlılara örnək olan böyükləri gələcəyimizi təhlükədən birgə qorumağa çağırır", məlumatda deyilir.
***
00.53
Ağdamda qəzada yaralananlardan biri ölüb
Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan biri ölüb.
APA xəbər verir ki, qəza zamanı xəsarət alanlar rayon sakinləri Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğludur.
Ağır xəsarət alan Musayev Cavid Əli oğlu həyatını itirib.
***
00:26
Ağdam rayonunda minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
APA xəbər verir ki, hadisə “KIA” markalı minik avtomobilinin iştirakı ilə baş verib.
Qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb və Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
23:25
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.