
“Tramp administrasiyası beynəlxalq sülh və rifah üçün Tramp marşrutu (TRIPP) layihəsini həyata keçirməyə sadiqdir”.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi “Armenpress”in sorğusuna cavab olaraq bildirib.
“TRIPP Cənubi Qafqazda və ondan kənarda sülh və rifahı təşviq etmək potensialına görə ABŞ-ın prioritetlərindən biri olaraq qalır. Tramp administrasiyası TRIPP-i gerçəkləşdirməyə sadiqdir", – Dövlət Departamentinin rəsmisi qeyd edib.
O, həmçinin xatırladıb ki, layihə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmətlə yanaşılmaqla və Ermənistan üçün qarşılıqlı fayda təmin etməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək multimodal nəqliyyat mərkəzinin yaradılmasını nəzərdə tutur.
"TRIPP regionda problemsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək, iqtisadi artım və artan rifah üçün imkanları genişləndirəcək", – diplomat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvanla əlaqə quracaq, Ermənistan isə regional əlaqənin yaxşılaşmasından faydalanacaq. Bu isə öz növbəsində Cənubi Qafqazın iqtisadi potensialını açacaq, eyni zamanda Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Departament rəsmisi onu da bildirib ki, Ermənistan TRIPP təşəbbüsünü həyata keçirmək üçün ABŞ və qarşılıqlı seçilmiş üçüncü tərəflərlə əməkdaşlıq edir.
"TRIPP və onunla əlaqəli proqramların başlanmasını asanlaşdırmaq üçün ABŞ regional sabitliyə və iqtisadi artıma yol açacaq 145 milyon dollarlıq ilkin öhdəlik götürüb. Bu vəsaitlər Ermənistanda ticarət, infrastruktur və sərhəd təhlükəsizliyinə investisiyaları dəstəkləyəcək və regional əlaqəni genişləndirəcək", – Departament rəsmisi əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da TRIPP layihəsinin dünyanın iqtisadi cəhətdən ən vacib yerlərindən bəzilərindən keçəcəyini, Xəzər dənizi üzərindən ticarət fəaliyyətini stimullaşdıracağını və Mərkəzi Asiya ölkələrinə kömək edəcəyini bildirib.
“TRIPP-in əsas məqsədləri Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarət və əlaqənin inkişafı yolu ilə ABŞ-ın ticarət imkanlarını genişləndirmək və Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit yolları yaratmaqdır", – Dövlət Departamentinin rəsmisi əlavə edib.