
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin baş direktorunun Avropa və Mərkəzi Asiya üzrə müavini Audrone Perkauskiene ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “X” hesabında bildirib.
Onun sözlərinə görə, Audrone Perkauskiene və Yalçın Rəfiyevin həmsədrliyi ilə Aİ-Azərbaycan danışıqları keçirilib.
Diplomat gələcəyə yönəlik səmərəli danışıqların keçirildiyini qeyd edib.
“İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər dinamikliyi qorumaq üçün iyun ayında yenidən Bakıda görüşəcəklər”, – Kuyundziç əlavə edib.