
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivye Jan Patrik Nduhungirehe ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə, iki ölkə arasında ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Ruanda arasında BMT, Qoşulmama Hərəkatı və İslam əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ruanda Prezidentinin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.
Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçun geniş imkanların olduğu vurğulanıb. Ruanda tərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan “ASAN xidmət” konsepsiyası əsasında təsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib. Ruandanın Formula-1 yarışlarına hazırlıq işləri apardığı, bu sahədə ölkəmizin təcrübəsinin faydalı olduğu bildirilib. Ruandanın ölkəmizin təhsil sahəsində həyata keçirdiyi təqaüd proqramında məmnuniyyətlə iştirak etdiyi vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.