• 13 °C
|

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək

29 Aprel 2026
img

30 aprel – 1 may tarixlərində paytaxtda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.

BTQ-dən APA-ya verilən məlumata görə, forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcək.

Ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər. Eyni zamanda ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılacaq.

Tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaq.

Həmçinin, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə ediləcək.

"Hazırda müstəmləkə idarəçiliyi altında yaşayan gənc nəsil bir sıra ciddi çağırışlarla üzləşməkdədir: milli və mədəni kimliyin zəiflədilməsi, tarixi yaddaşın məhv edilməsi, ana dillərində təhsil, yaradıcılıq və inkişaf imkanlarının məhdudlaşdırılması. Bununla yanaşı, məcburi miqrasiya, sosial bərabərsizlik, yoxsulluq, yüksək işsizlik səviyyəsi, keyfiyyətli təhsilə çıxış imkanlarının məhdudluğu həmin gəncləri siyasi qərarvermə proseslərindən kənarda saxlayır və ölkənin gələcək idarəçiliyindən məhrum edir. Üstəlik, təbii və iqtisadi resursların istismarı əhalinin normal yaşayışına, təhsilə və səhiyyəyə əlçatanlığına ciddi maneə törədir.
Keçmiş müstəmləkə ərazilərindəki gənclər isə bu gün də müstəmləkəçiliyin yaratdığı tarixi, iqtisadi, sosial və ekoloji fəsadların ağır nəticələrini hiss etməkdədir.

Xüsusilə, həyata keçirilən nüvə sınaqlarının ağır təsirləri bu gün də gənc ailələrin sağlamlığını və gələcək nəsillərin rifahını zədələməkdədir. Keçmiş müstəmləkə güclərinin reparasiya, mədəni irs və tarixi dəyərlərin restitusiyası, habelə qanunsuz istismardan əldə edilmiş gəlirlərin kompensasiyası məsələlərindən yayınmaqda davam etməsi Belçika və Niderland nümunəsində müşahidə edildiyi kimi tarixi ədalətin bərpasını ləngitməkdədir", – məlumatda qeyd olunub.