
"Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb".
Bunu İtaliyanın Formiche.net portalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O bildirib ki, geosiyasi qeyri-sabitlik dövründə əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir:
"Bu baxımdan Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib və bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir.
Eyni zamanda, bu tərəfdaşlıq yalnız ikitərəfli səviyyədə əhəmiyyətli deyil. Azərbaycan bu gün ümumilikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. Bu, Cənub Qaz Dəhlizinin artıq Avropa üçün əsas şaxələndirmə marşrutlarından birinə çevrildiyini göstərir".