
Kəlbəcərdə sosial həyatın bərpası və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı yeni mərhələyə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və sosial xidmətlərin təşkili rayonun dirçəlişinə mühüm töhfə verir.
Rayonda fəaliyyət göstərən DOST məntəqəsi vasitəsilə vətəndaşlara “bir pəncərə” prinsipi ilə xidmət göstərilir. Bu məntəqədə çalışan əməkdaşlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın qardaşı Coşqun Cəlil oğlu Nəsiblidir. O və ailəsi Kəlbəcərə ilk köç edənlərdən biridir. Onlara yeni mənzilin açarı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim olunub.
Coşqun Nəsibli doğma yurdda xidmət göstərməyin, kəlbəcərlilərə xidmət etməyin onun üçün şərəfli, qürurlu olduğunu qeyd edib.
Eyni zamanda, Kəlbəcərdə inşa olunan yeni yaşayış məhəllələri keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışını təmin edir. Müasir şəkildə qurulan bu məhəllələrdə artıq bir sıra ailələr məskunlaşıb və yeni həyata başlayıblar.
Onlardan biri də Gülnisə Kərimovanın ailəsidir. Təqaüdçü müəllim Gülnisə Kərimova Kəlbəcəri tərk edəndən sonra ailəsi ilə birgə Bakıda və Oğuz rayonununda yaşayıb, pedaqoji fəaliyyətini davam etdirib.
O bildirib ki, həyat yoldaşı Adil bəy hazırda arıçılıq təsərrüfatı ilə məşğuldur və Kəlbəcərin təbiəti onların həyatına yeni nəfəs verib: “Buraya qayıdandan sonra arılarımızı da gətirdik. İndi doğma yurdda həm yaşayır, həm də məşğulluğumuzu təmin edirik. Kəlbəcərin havası bizə sözün əsl mənasında məlhəm oldu”.
Ailə üzvləri qeyd ediblər ki, onların əsas arzusu bütün kəlbəcərlilərin tezliklə doğma yurda qovuşmasıdır. Onlar yaxın zamanda bütün həmyerlilərinin Kəlbəcərə qayıdaraq bir araya gələcəyinə ümid edirlər.
Bu gün Kəlbəcərdə sosial həyatın bərpası və insanların doğma yurda qayıdışı yeni bir mərhələyə qədəm qoyub. Dövlət tərəfindən yaradılan şərait, həyata keçirilən layihələr və qurulan yeni yaşayış məhəllələri bu prosesin sürətlənməsinə xidmət edir.
İşğaldan azad edilmiş digər ərazilər kimi, Kəlbəcər də ermənilərin törətdiyi xarabalıqlar üzərində yenidən doğulur, əmin addımlarla uğurlu gələcəyi doğru irəliləyir.