• 21 °C
|

Baş İdarə: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirir

21 May 2026
img

Bu gün Azərbaycanın şəhər inkişafı təcrübəsinin ən mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və bərpa prosesidir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Riad Qasımov deyib.

O bildirib ki, Böyük Qayıdış proqramı davamlılıq, innovasiya, rəqəmsal idarəetmə və ekoloji məsuliyyət prinsipləri əsasında tamamilə yeni şəhər və kəndlərin qurulmasına imkan yaradır: “Azad edilmiş ərazilərdə yaradılan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir şəhərsalmanın yalnız fiziki bərpanı deyil, həm də sosial dirçəlişi, iqtisadi canlanmanı və uzunmüddətli regional dayanıqlılığı necə dəstəkləyə biləcəyini nümayiş etdirir”.

Riad Qasımov qeyd edib ki, şəhərsalma və memarlıq Azərbaycanın milli inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindən birinə çevrilib.

O vurğulayıb ki, Bakıda WUF13-ə ev sahibliyi etmək böyük qürur mənbəyidir: “Bu, ölkəmizin davamlı şəhər transformasiyasına, beynəlxalq əməkdaşlığa və şəhər inkişafına innovativ yanaşmalara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şəhərsalma və memarlıq milli inkişaf gündəliyimizin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu yanaşma 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə daha da gücləndirilib. Bu strateji qərar şəhərlərin iqtisadi inkişafının, ekoloji dayanıqlılığın və həyat keyfiyyətinin formalaşmasında artan rolunu ön plana çıxarır”.