• 20 °C
|

Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb – YENİLƏNİB 2

24 May 2026
img

ABŞ Gizli Xidməti Ağ Evin yaxınlığında atəş açan şəxsin öldürüldüyünü təsdiqləyib.

APA xəbər verir ki, ABŞ Gizli Xidməti hadisənin Ağ Evin yaxınlığında, baş verdiyini, bir kişinin çantadan silah çıxararaq Pensilvaniya prospekti ilə 17-ci küçənin kəsişməsində atəş açdığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab atəşi ilə onu ölümcül yaralayıblar. Ətrafda olan bir nəfər də yaralanıb.

"Gizli Xidmət cavab atəşi açaraq şübhəlini yaralayıb, şübhəli yerli xəstəxanaya aparılıb və orada ölüb. Atışma zamanı ətrafda olan bir nəfər də yaralanıb. Heç bir zabit xəsarət almayıb", – açıqlamada bildirilir.

Ağ Evin nəzarət-buraxılış məntəqəsində baş verən atışmada şübhəlinin Nasir Best olduğu müəyyən edilib.

Onun əvvəllər hüquq-mühafizə orqanlarının nəzarəti altında olduğu və psixoloji problemlərinin olduğu bildirilir.

Best Merilenddə yaşayıb və əvvəllər Məxfi Xidmət tərəfindən 26 iyun 2025-ci ildə agentləri təhdid etdiyinə görə, iki həftə sonra isə əraziyə qanunsuz daxil olduğuna görə saxlanılıb.

Gizli Xidmət Ağ Ev yaxınlığında baş verən atışma ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Ağ Ev yaxınlığında baş verən atışma son aylarda ABŞ paytaxtının mərkəzində baş verən dördüncü atışmadır.

***

03:48

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Ağ Ev yaxınlığında baş verən atışma yerinə gəliblər və Məxfi Xidmət əməkdaşlarına kömək edirlər.

APA xəbər verir ki, bu barədə FTB direktoru Keş Patel öz “X” hesabında məlumat verib.

"FTB hadisə yerindədir və Ağ Ev ərazisi yaxınlığında atışmalara cavab olaraq Məxfi Xidməti dəstəkləyir. Biz ictimaiyyəti ən qısa zamanda məlumatlandıracağıq", – o yazıb.

“DC News Now” portalının əməkdaşı Kris Fleneqan atışma zamanı ABŞ prezidenti Donald Trampın Ağ Evdə olduğunu bildirib.

"Biz karantin rejimindəyik. Prezident Tramp Ağ Evdədir", – o “Facebook” hesabında yazıb.

***

02:40

Vaşinqtonda Ağ Evin yaxınlığında 20-dən çox atəş səsi eşidilib.

APA xəbər verir ki, hazırda ABŞ prezidentinin iqamətgahının damında snayperlərin xidmət apardığı bildirilir.

Atışma olan vaxt binanın içərisində olan jurnalistlər tələsik brifinq otağına təxliyə edilib.

Bəzi məlumatlara görə, atışma Ağ Evin ərazisindən kənarda baş verib. 20-30 arasında atəş səsi eşidilib. Hadisə yerinə polis qrupları cəlb edilib.