
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanı Türkiyəyə gedən yük gəmisinə hücum etməkdə ittiham edib.
APA xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, gecə saatlarında pilotsuz uçuş aparatları ilə Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə yük aparan “ANT” quru yük gəmisinə zərbə endirilib.
Bildirilib ki, Vanuatu bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus olan gəminin üst hissəsinə zərbə dəyməsi nəticəsində yanğın baş verib.
Məlumata görə, yanğın qısa müddətdə lokallaşdırılıb. Hadisə nəticəsində ekipajın iki üzvü yaralanıb.
Ukrayna tərəfi qeyd edib ki, yaralılar Hərbi Dəniz Qüvvələrinin katerləri ilə təxliyə olunaraq tibb müəssisəsinə çatdırılıb.
Qeyd edək ki, bu məlumat Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasına əsaslanır. Rusiya tərəfi hadisə ilə bağlı hələlik şərh verməyib.