
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində aparıcı rol oynayır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır
Deputat deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində İslam dünyası ilə münasibətlərin inkişafına xüsusi önəm verib: “Bu gün ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri kimi çıxış edir və təşkilatın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə mühüm töhfələr verir. Azərbaycan təkcə İslam Əməkdaşlıq Təşkilatında deyil, eyni zamanda onun Parlament İttifaqında da fəal iştirak etməklə İslam həmrəyliyinin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və üzv dövlətlər arasında çoxşaxəli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. Azərbaycanın İslam dünyasında qazandığı nüfuzun əsas səbəblərindən biri ölkəmizin həm sözünə, həm də əməli fəaliyyətinə sadiq qalmasıdır. Azərbaycan hər zaman İslam dünyasının problemlərinə həssas yanaşıb, müsəlman ölkələri arasında əməkdaşlığın genişlənməsinə töhfə verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz İslam aləmində etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qəbul olunur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürülən təşəbbüslər, keçirilən beynəlxalq tədbirlər və qəbul olunan qərarlar da bunu bir daha təsdiq edir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda İslam ölkələrinin ortaq maraqlarının müdafiəsinə xüsusi diqqət yetirib və bu istiqamətdə ardıcıl siyasət həyata keçirib”.
İƏT Azərbaycanın haqq işinə hər zaman dəstək verib
Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlərin ən mühüm tərəflərindən biri təşkilatın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəkdir: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti dövründə İslam Əməkdaşlıq Təşkilatı daim haqqın və ədalətin yanında olub. Təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənib, Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənib. Bu, Azərbaycan üçün həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılmış İƏT Təmas Qrupunun fəaliyyəti diqqətəlayiqdir. Təmas Qrupu beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltmək baxımından mühüm rol oynayıb. Bu mexanizm vasitəsilə İslam dünyasının Azərbaycana dəstəyi daha sistemli və ardıcıl xarakter alıb. Məhz bu həmrəylik nəticəsində Azərbaycanın mövqeyi beynəlxalq platformalarda daha güclü şəkildə müdafiə olunub. Vətən müharibəsindən sonra da İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın yanında olmağa davam edib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri İƏT tərəfindən yüksək qiymətləndirilib. Təşkilatın qəbul etdiyi qətnamə və bəyanatlarda Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasəti alqışlanıb və bu prosesə dəstək ifadə olunub”.
İşğal dövründə İslam irsinə qarşı vandalizm
Tahir Mirkişili vurğulayıb ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın təkcə şəhər və kəndləri deyil, həm də dini-mədəni irsi böyük dağıntılara məruz qalıb: “İşğal altında olan ərazilərdə Azərbaycan xalqının tarixi, dini və mədəni irsinə qarşı sistemli vandalizm siyasəti həyata keçirilib. Məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər dini abidələr dağıdılıb, təhqir olunub və məqsədli şəkildə məhv edilib. Bu faktlar beynəlxalq missiyalar tərəfindən də təsdiqlənib. İşğal dövründə mövcud olan 67 məsciddən 65-i ya tamamilə dağıdılıb, ya da ciddi şəkildə yararsız vəziyyətə salınıb. Bu, təkcə Azərbaycana qarşı deyil, bütövlükdə İslam dünyasının mədəni irsinə qarşı törədilmiş cinayətdir. Təəssüf ki, həmin dövrdə bəzi beynəlxalq qurumlar bu vandalizmə lazımi səviyyədə reaksiya vermədilər. Bu gün Azərbaycan azad olunmuş ərazilərdə dini və tarixi abidələrin bərpasını uğurla həyata keçirir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda məscidlərin, türbələrin, tarixi komplekslərin və digər dini abidələrin bərpası istiqamətində geniş işlər görülür. Azərbaycan bununla təkcə öz milli irsini deyil, həm də İslam sivilizasiyasının mühüm dəyərlərini qoruyur”.
İslamofobiya müasir dünyanın ən təhlükəli çağırışlarından biridir
Deputat hesab edir ki, bu gün beynəlxalq ictimaiyyətin qarşısında duran mühüm problemlərdən biri islamofobiyanın artmasıdır:
“Son illərdə bir sıra ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik halları artır, dini nifrət çağırışları genişlənir, müqəddəs dini dəyərlər təhqir olunur. Bu tendensiya yalnız müsəlmanları deyil, bütövlükdə beynəlxalq təhlükəsizliyi təhdid edən amillərdən biridir. Azərbaycan islamofobiyanı qlobal təhlükə kimi qiymətləndirir və bu məsələnin beynəlxalq gündəmdə saxlanılması üçün ardıcıl fəaliyyət göstərir. Azərbaycan dəfələrlə bəyan edib ki, dini zəmində ayrı-seçkilik, nifrət çağırışları və müqəddəs dəyərlərin təhqiri qəbuledilməzdir. Ölkəmiz bu problemin beynəlxalq səviyyədə müzakirə olunmasına və ona qarşı effektiv mübarizə mexanizmlərinin formalaşdırılmasına çalışır”.
Tahir Mirkişili bəzi Qərb siyasi dairələrinin və beynəlxalq qurumların yanaşmalarını da tənqid edib:
“Təəssüf ki, bəzi hallarda İslam dini məqsədli şəkildə ekstremizm və terrorizmlə əlaqələndirilir. Xüsusilə Avropa Parlamentində və Avropa Şurası Parlament Assambleyasında zaman-zaman müşahidə olunan qərəzli yanaşmalar bu baxımdan ciddi narahatlıq doğurur. İslam dini sülh, mərhəmət və humanizm dinidir. Onu terrorla eyniləşdirmək həm tarixi həqiqətlərə, həm də beynəlxalq hüququn prinsiplərinə ziddir”.
Azərbaycan sivilizasiyalararası dialoqun mühüm mərkəzidir
Deputat bildirib ki, Azərbaycanın İslam dünyasında nüfuz qazanmasının əsas səbəblərindən biri ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələridir:
“Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olub. Bu gün də ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər İslam dünyasının həmrəyliyinə və əməkdaşlığına mühüm töhfə verir. Bakı artıq beynəlxalq dialoq mərkəzlərindən birinə çevrilib. İslam Əməkdaşlıq Təşkilatının və onun müxtəlif qurumlarının tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahədə oynadığı rolu bir daha təsdiqləyir. Bu tədbirlər həm İslam ölkələri arasında əlaqələrin inkişafına, həm də müsəlman dünyasının beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir”.
2027-ci ildə Azərbaycan İƏT-ə uğurlu sədrlik edəcək
Tahir Mirkişili deyib ki, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi ölkəmizin beynəlxalq nüfuzunun növbəti göstəricisidir:
“Bu, Azərbaycanın İslam dünyasında qazandığı yüksək etimadın nəticəsidir. Ölkəmiz sədrliyi dövründə İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq problemlərin həlli istiqamətində fəal fəaliyyət göstərəcək. Azərbaycanın sədrliyi İƏT-in fəaliyyətinə yeni dinamika gətirəcək. Azərbaycan hər zaman praktiki nəticələrə yönəlmiş siyasət yürüdüb. 2027-ci ildə təşkilata sədrliyi dövründə də ölkəmiz dayanıqlı inkişaf, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, gənclər siyasəti, elm və innovasiyalar kimi istiqamətlərdə yeni təşəbbüslərlə çıxış edəcək”.
Deputat qeyd edib ki, Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və ortaq dəyərlərin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək:
“Bu gün Azərbaycan İslam dünyasının etibarlı tərəfdaşı və fəal üzvüdür. Ölkəmizin həyata keçirdiyi siyasət göstərir ki, həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq İslam aləminin gələcək inkişafının əsas şərtləridir. Azərbaycan da bu istiqamətdə öz töhfəsini verməyə davam edəcək”.