|

Aşura günü toplanan qan nümunələri müayinədən keçirilib, yararlıları qan ehtiyatına daxil edilib

1 İyul 2026
img

Aşura günü münasibətilə keçirilən qanvermə aksiyaları çərçivəsində toplanmış bütün qan nümunələri Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-Diaqnostik Laboratoriyasında milli və beynəlxalq standartlara uyğun olaraq müasir laborator üsullarla müayinədən keçirilib.

Səhiyyə Nazirliyi Respublika Qan Bankından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, laborator müayinələrinin nəticələrinə əsasən, transmissiv infeksiyalar və digər müəyyən edilmiş göstəricilər üzrə mənfi (neqativ) nəticə əldə olunan qan və qan komponentləri tədarük edilərək qan ehtiyatlarına daxil edilib və klinik istifadəyə yararlı hesab olunub.

Qeyd olunub ki, müayinələr zamanı təhlükəsizlik meyarlarına cavab verməyən nümunələr isə qüvvədə olan tibbi norma və prosedurlara uyğun olaraq dövriyyədən çıxarılıb və utilizasiya edilib.

"Qan donorunun və qan resipiyentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər bir qan vahidi fərdi qaydada qiymətləndirilir. Bu səbəbdən yalnız bütün laborator və keyfiyyət nəzarəti mərhələlərini uğurla keçən qan və qan komponentləri tibbi istifadə üçün buraxılır", – məlumatda bildirilib.

Xatırladaq ki, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib. Donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.