• 29 °C
|

Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər

5 İyul 2026
img

Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər.

“Euronews”-un xəbərinə görə, İsveçrədə həyata keçirilən uğurlu pilot layihə gözləniləndən daha yüksək səmərəlilik nümayiş etdirdikdən sonra bu texnologiyanın geniş tətbiqi müzakirə olunur.

İsveçrənin “Sun-Ways” startapı ötən il Büt kommunasında fəaliyyət göstərən dəmir yolu xəttində relslərin arasına 100 metr uzunluğunda fotoelektrik panellər yerləşdirərək dünyada ilk günəş dəmir yolunu təqdim edib. Qurğu ümumi gücü 18 kVt olan, xüsusi hazırlanmış 48 günəş modulundan ibarətdir.

Əvvəlcə layihə üçillik eksperiment kimi nəzərdə tutulsa da, bir ildən sonra əldə edilən nəticələr o qədər uğurlu olub ki, şirkət və səlahiyyətli qurumlar sistemin daimi istismara verilməsi imkanını müzakirə edirlər.

“Sun-Ways”-in hesablamalarına görə, panellərin optimal maililik bucağında quraşdırılmaması səbəbindən səmərəlilik təxminən 10 faiz azalır. Buna baxmayaraq, pilot qurğu bir il ərzində təxminən 16 min kVt-saat elektrik enerjisi istehsal edib.

Şirkət bildirir ki, texnologiya İsveçrənin 5 mindən çox kilometr uzunluğa malik bütün dəmir yolu şəbəkəsində tətbiq olunarsa, ildə 1 TVt-saatadək elektrik enerjisi istehsal etmək mümkün olacaq. Bu isə ölkənin ümumi enerji istehlakının təxminən 2 faizinə bərabərdir.

Bununla yanaşı, texnologiya ilə bağlı təhlükəsizlik məsələləri də gündəmdədir. Potensial risklər arasında panellərdə mikroçatların yaranması, yanğın təhlükəsinin artması və sürücülərin diqqətini yayındıra biləcək işıq əksolunmaları göstərilir.

“Sun-Ways” isə daha möhkəm, əks-parıltı örtüyünə malik panellərdən istifadə etdiyini, həmçinin qatarların hərəkəti zamanı səthi təmizləyən sensorlar və mexaniki fırçalar sistemini tətbiq etdiyini açıqlayıb. Şirkətin məlumatına görə, istismarın ilk ili ərzində ciddi problem qeydə alınmayıb və sistem əlavə texniki xidmət olmadan sabit işləyir.

Hazırda istehsal olunan elektrik enerjisi ümumi elektrik şəbəkəsinə ötürülür. Bununla yanaşı, şirkət enerjinin birbaşa dəmir yollarının dartı sistemlərinə verilməsi üçün yeni həllər üzərində işləyir.

İsveçrədəki uğurdan sonra “Sun-Ways” İtaliyada pilot layihənin həyata keçirilməsi üçün italiyalı tərəfdaşla əməkdaşlıq sazişi imzalayıb. Şirkət eyni zamanda Cənubi Koreyada analoji sistemin tətbiqi üçün icazə alıb. Bundan başqa, Niderland, Çin, Hindistan və Sinqapur şirkətləri ilə də danışıqlar aparılır.