• 30 °C
|

ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib – YENİLƏNİB-3

12 İyul 2026
img

ABŞ İrana genişmiqyaslı zərbələr endirdikdən sonra, İran körfəz ölkələrinə raket və PUA hücumları edib.

AP News xəbər verir ki, ABŞ tərəfindən endirilən zərbələrdən sonra İran da cavab olaraq Fars körfəzi regionundakı bir sıra ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

İran cavab olaraq Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Küveyt istiqamətində raket və pilotsuz aparat hücumları təşkil edib. Bir sıra ölkələrdə hava hücumundan müdafiə sistemləri işə salınıb, partlayış səsləri eşidilib və sakinlərə sığınacaqlara getmək barədə xəbərdarlıq edilib.

***

08:12

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını tamamlayıb və bu, son bir həftə ərzində İslam Respublikasına qarşı üçüncü hücum olub.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.

CENTCOM-un açıqlamasına görə, hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə zərbə endirməsi ilə əlaqədar həyata keçirilib.

Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi obyektinə zərbələr endirib.

“ABŞ qüvvələri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib. Hədəflər arasında İran raketləri və pilotsuz uçuş aparatlarının saxlanıldığı yerlər, Hərbi Dəniz Qüvvələrinə aid vasitələr, sursat anbarları, kommunikasiya şəbəkələri və sahil müşahidə məntəqələri olub”, – deyə CENTCOM-un paylaşımında qeyd olunub.

Komandanlıq bildirib ki, həftə ərzində həyata keçirilən üç hücum raundu zamanı ABŞ İranda ümumilikdə 300-dən çox hədəfə zərbə endirib.

***
07:14

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasına başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat verib.

"Bu gün Şərq vaxtı ilə saat 19:15-də (Bakı vaxtı ilə saat 03:15) CENTCOM qüvvələri İrana qarşı üçüncü zərbə mərhələsinə başlayıb", – paylaşımda bildirilib.

"Axios" portalının jurnalisti Barak Ravidin məlumatına görə, zərbələr ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham etdiyi Hörmüz boğazında bir gəmini atəşə tutmasına cavab olaraq həyata keçirilir.