• 29 °C
|

Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar

23 İyul 2026
img

Qırğızıstana səfər edən azərbaycanlı jurnalistlər media turu çərçivəsində İssık-Kul vilayətinin Kırçın vadisində olublar.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər burada “Salburun” təşkilatının üzvlərinin ifasında qırğız xalq musiqisini dinləyib, ənənəvi atüstü yarışları, şahinlərlə ov və oxatma nümayişlərini izləyiblər.

"Salburun" təşkilatının rəhbəri Almazbek Akunov bildirib ki, təşkilatın əsas məqsədi qırğız xalqının köçəri həyat tərzini və ənənəvi mədəniyyətini qoruyaraq gələcək nəsillərə ötürməkdir.

"Salburun ovçu quşlar, yay və ov itlərindən istifadə olunan ənənəvi kompleks ov mədəniyyətidir. Bizim əsas məqsədimiz bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır", – deyə o bildirib.

Onun sözlərinə görə, "Salburun" 2012-ci ildən Qırğızıstanda milli idman növü kimi tanınıb və dövlət tərəfindən dəstəklənir.

Almazbek Akunov qeyd edib ki, bu idman növü beynəlxalq miqyasda da geniş yayılıb.

"Bu gün Qazaxıstan, Türkmənistan, Özbəkistan, Monqolustan, Avropa ölkələri və Azərbaycan da daxil olmaqla bir çox ölkədən nümayəndələr yarışlarımıza qatılır. Son illər Azərbaycanda da ənənəvi oxatma idman növü sürətlə inkişaf edir. Azərbaycanlı idmançılar bizə gəlirlər, biz də Azərbaycana səfər edirik. Təxminən iki il əvvəl Azərbaycanda Salburunu və ənənəvi oxatma sənətini təqdim etmişdik", – deyə o əlavə edib.

Media turu çərçivəsində jurnalistlər daha sonra avqust ayında keçiriləcək Dünya Köçəri Oyunlarının əsas məkanı olan Kırçın vadisindəki etnoşəhərciyə baş çəkiblər.

Media nümayəndələri burada qurulmuş ənənəvi qırğız yurtalarını ziyarət edib, yerli əhalinin köçəri həyat tərzi, milli mətbəxi, sənətkarlıq nümunələri və əl işləri ilə yaxından tanış olublar. Onlar həmçinin etnoşəhərcikdə aparılan son hazırlıq işlərini izləyiblər.

Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini, Dünya Köçəri Oyunlarının əsas məkanının qərargah rəisi Askaralı Madaminov bildirib ki, tikinti işlərinin avqustun əvvəlində tam başa çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, Kırçın vadisi Dünya Köçəri Oyunlarının keçirilməsi üçün təsadüfən seçilməyib.

"Bu məkan hələ 2014-cü ildə keçirilən ilk Dünya Köçəri Oyunlarından etibarən əsas arena kimi seçilib. Bura tarixi ərazidir. Əcdadlarımız bu vadidə yaşayıblar. Burada saka dövrünə aid kurqanlar mövcuddur və hazırda arxeoloqlar həmin abidələrdə tədqiqatlar aparırlar", – deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, Dünya Köçəri Oyunlarının əsas məqsədi unudulmaqda olan milli idman növlərini və köçəri xalqların mədəni irsini beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Askaralı Madaminov Azərbaycanın Dünya Köçəri Oyunlarında fəal iştirak etdiyini də diqqətə çatdırıb.

"Azərbaycan Dünya Köçəri Oyunlarının daimi iştirakçılarındandır və indiyədək keçirilən oyunların heç birini buraxmayıb. Bu dəfə də Azərbaycanın iştirak edəcəyi gözlənilir. Azərbaycanın milli güləş növü olan 'Güləş' artıq Dünya Köçəri Oyunlarının əsas idman proqramına daxil edilib", – deyə o əlavə edib.