• 22 °C
|

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

9 Sentyabr 2026
img

Sentyabrın 10-dan 14-dək Azərbaycanda Mərakeş İrsi Günləri keçiriləcək.

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbir səfirliyin “Joussour des Arts et de la Créativité” Mərakeş Assosiasiyası ilə tərəfdaşlığı çərçivəsində təşkil olunacaq.

Beş gün ərzində dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə Mərakeşin mədəni irsi təqdim ediləcək.

Tədbirdə Mərakeş kaftanına xüsusi yer ayrılacaq. 2025-ci ildə UNESCO "Mərakeş kaftanı: Sənət, ənənələr və bacarıqlar"ı Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Nümayəndəlik Siyahısına daxil edib. Sərgidə, həmçinin Mərakeşin cənub vilayətlərinin qadınlarına xas ənənəvi geyim olan Mlehfa nümayiş etdiriləcək.

Proqram çərçivəsində ziyarətçilər Mərakeşin müxtəlif bölgələrinin musiqisi, sənətkarlığı, fotoqrafiyası və qastronomiyası ilə də tanış olacaqlar.

Qeyd edilib ki, Mərakeş İrsi Günləri iki ölkə arasında mədəni və insanlararası əlaqələrin gücləndirilməsinə xidmət edir.

Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2024-cü ilin avqustunda iki ölkə arasında vizasız rejim haqqında sazişin qüvvəyə minməsi turizm, mədəni mübadilə və insanlararası təmaslar üçün yeni imkanlar açıb.