• 24 °C
|

Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək – MÜSAHİBƏ

10 Sentyabr 2026
img

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Kabalyeronun APA-ya müsahibəsi

Azərbaycan-Meksika münasibətləri üçün yeni istiqamətlər müəyyənləşir

– Xanım səfir, ilk sualım Azərbaycan–Meksika münasibətlərinin mövcud vəziyyəti ilə bağlı olacaq. Ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Münasibətlərdə yeni mərhələyə keçidə gözlənilirmi?

– Meksika ilə Azərbaycan arasındakı münasibətlər daha da güclənib və biz bu istiqamətdə səylə çalışırıq. Bu işləri təkcə Bakıdan deyil, həm də Mexiko şəhərindəki Azərbaycan səfirliyi vasitəsilə həyata keçirir, koordinasiya edirik.

Məsələn, bu il ilk dəfə yüksək səviyyəli nümayəndə heyətimizin Azərbaycana səfəri baş tutdu. Nazir, nazir müavini və Mexiko şəhər qubernatorunun daxil olduğu nümayəndə heyəti may ayında WUF13-də iştirak etmək üçün Azərbaycana səfər etdi. Bu səfər Azərbaycanın bizim üçün əhəmiyyətini əks etdirir.

Həmçinin, bu il ölkələrimiz arasında iki mühüm sənəd imzalanıb. Onlardan biri diaspor məsələlərinə, digəri isə müdafiə və təhlükəsizlik sahəsinə aiddir. Azərbaycan və Meksika müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək. Bu, çox vacibdir, çünki münasibətlərimiz üçün yeni istiqamətlər müəyyənləşir.

Artıq bildiyiniz kimi, Meksika Azərbaycana ilk hərbi attaşesini təyin edib və bununla əlaqələrimiz daha da gücləndirilir. Meksikanın hərbi attaşesi müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsinə və müvafiq hərbi qurumlarla əlaqələrin qurulmasına öz töhfəsini verəcək. Mən buna inanıram. Bu isə öz növbəsində Meksikanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirir.

Meksika və Azərbaycan bir neçə ortaq xüsusiyyətə malikdir

– Meksika ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın intensivləşməsi üçün hansı addımlar atılır?

– Meksika və Azərbaycan bir neçə ortaq xüsusiyyətə malikdir. Bunlardan biri hər iki ölkənin strateji baxımdan mühüm regionlarda yerləşməsidir. Meksika da, Azərbaycan da müxtəlif istiqamətlər arasında əlaqələndirici rol oynayır. Bu, çox vacibdir, çünki gələcəkdə hər iki ölkənin malik olduğu bu bağlantılardan və əlaqələrdən qarşılıqlı fayda əldə edə biləcəyimiz layihələr üzərində işləyə bilərik.

Meksikadan Azərbaycana birbaşa uçuşun olması həqiqətən çox yaxşı olardı

– Azərbaycanla Meksika arasında birbaşa aviareysin açılması mümkündürmü?

– Meksikadan Azərbaycana birbaşa uçuşun olması həqiqətən çox yaxşı olardı. Hələlik bununla bağlı danışıqlar aparılmır. Lakin bu, çox yaxşı ideyadır və biz bunu araşdıra bilərik. Bu, xüsusilə iki ölkənin xalqlarının bir-birini daha yaxından tanımağa göstərdiyi marağın ifadəsi olardı. Bu, gələcəkdə həm bizim, həm də Mexiko şəhərindəki səfirliyinizin qarşısında duran yaxşı vəzifələrdən biri ola bilər.

Cəmi bir neçə həftə əvvəl iki ölkənin şirkətləri arasında görüş keçirilib

– Meksika şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpası layihələrində iştirakı gündəmdədir?

– Hələ ki yox. Lakin cəmi bir neçə həftə əvvəl iki ölkənin şirkətləri arasında görüş keçirilib. Bu, hər iki ölkənin biznes sektorunun bir-birini daha yaxından tanıması baxımından çox yaxşı addımdır. Görüş çox uğurlu oldu. Onlar bir-birini daha yaxından tanımağa davam etmək qərarına gəldilər. Ehtimal ki, gələcəkdə hər iki ölkəyə şirkət missiyaları təşkil edə bilərik. Bu, gələcəkdə həyata keçirə biləcəyimiz çox mühüm və əhəmiyyətli layihə ola bilər. Ümid edirəm ki, bunu tezliklə reallaşdırmaq mümkün olacaq.

Azərbaycanda fəal mədəni tədbirlər gündəliyimiz var

– Ölkələrimiz arasında daha hansı sahələrdə əməkdaşlıq potensialını görürsünüz?

– Burada gördüyümüz gözəl işlərdən biri də mədəniyyət layihələrimizdir. Eyni zamanda, Meksikada da bu istiqamətdə fəaliyyət göstəririk. Qeyd etdiyim kimi, ölkələrimiz bir-birini daha yaxşı tanımalıdır və biz bunu mədəniyyət vasitəsilə edə bilərik. Bu, mühüm istiqamətlərdən biridir. Azərbaycanda fəal mədəni tədbirlər gündəliyimiz var. Mexiko şəhərindəki Azərbaycan səfirliyi də bu istiqamətdə fəaliyyət göstərir. Həmçinin, tələbə mobilliyi məsələsi ilə bağlı universitetlərlə danışıqlar aparmışıq. Onlar müxtəlif razılaşmaların əldə olunmasında maraqlıdırlar və bu da tələbə mübadiləsi baxımından çox yaxşı imkan yarada bilər.