Gürcüstanda həyata keçirilmiş genişmiqyaslı miqrasiya nəzarəti tədbirləri nəticəsində ölkədə qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Həmin şəxslər arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var. Onların Gürcüstanda "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Qanunla müəyyən edilmiş tələbləri pozaraq qaldıqları müəyyən edilib.
Saxlanılan şəxslər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib və onların Gürcüstandan çıxarılması ilə bağlı prosedurlar davam etdirilir.