
Bu gün Rusiya Ordusunun Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə pilotsuz uçuş aparatı (PUA) ilə lokomotivinə zərbə endirdiyi sərnişin qatarında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Almaniya kansleri Fridrix Mertsin müşavirlərindən Günter Zautter də olub.
Bu barədə “Der Spiegel” nəşri mənbələrinə istinadən məlumat yayıb.
“Ukrzaliznitsya”nın məlumatına görə, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə zərbə endirilib. Nəşrin məlumatına əsasən, Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavir olan Günter Zautter Kiyevdən Polşa istiqamətində hərəkət edən bu qatarda olub.
Qatar səhər saat 5 radələrində Polşa sərhədinin yaxınlığında dayanıb. PUA hücumları səbəbindən sərnişinlərin bir hissəsi təxliyə edilib.
Nəşr qeyd edib ki, Zautter Kiyevdə Böyük Britaniya, Fransa və İtaliyanın təhlükəsizlik məsələləri üzrə müşavirləri, eləcə də Ukrayna hökuməti ilə birlikdə Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə edib. Sentyabrın 12-də o, Kiyevdə beynəlxalq təhlükəsizlik konfransında iştirak edib.
Zautterdən başqa, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik məsələləri üzrə müşavirləri, Bundestaq deputatları, diplomatlar və alimlər də olub. Boris Conson da konfransdan sonra bu qatarla Polşaya qayıdırmış.