
Bu gün Litvanın hava məkanında pilotsuz uçuş aparatı (PUA) kimi qəbul edilən və hakimiyyət orqanlarının Vilnüs hava limanını bağlamasına, NATO-nun isə ən azı bir qırıcı təyyarə göndərməsinə səbəb olan obyektin əslində quş sürüsü olduğu müəyyənləşib.
Bu barədə “Reuters” məlumat yayıb.
Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinin məlumatına görə, NATO-nun qırıcı təyyarəsi vizual identifikasiya apardıqdan sonra hava hücumu xəbərdarlığı ləğv edilib və hava limanı 38 dəqiqə ərzində yenidən fəaliyyətə başlayıb.
Mərkəz açıqlamasında bildirilib ki, ilkin radar göstəricilərinə əsasən, quşların və PUA-ların buraxdığı izlər bir-birinə bənzəyə bilər.
Qırıcı təyyarə NATO-nun Baltikyanı Hava Hücumundan Müdafiə missiyası çərçivəsində hazırda İtaliya Hərbi Hava Qüvvələrinin yerləşdiyi Litvanın şimalındakı Şaulyay şəhərindən havaya qaldırılıb.
Paytaxtda keçirilən Vilnüs marafonu isə yarıda dayandırılmayıb. Marafonun təşkilatçıları bildiriblər ki, tədbir davam edib.
***
saat 15.40
Litvanın hava məkanında pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb, Vilnüs aeroportu bağlanıb.
Bu barədə “Reuters” ölkənin Milli Böhranların İdarə Edilməsi Mərkəzinə istinadən məlumat yayıb.
Litvanın hava məkanında PUA olması ilə bağlı məlumatlardan sonra ən azı bir NATO qırıcısı havaya qaldırılıb. Qırıcı Litvanın şimalındakı aviabazadan havaya qaldırılıb.
Qeyd edilib ki, Litvanın paytaxtı Vilnüsün beynəlxalq hava limanı səmada naməlum pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınması səbəbindən uçuşları müvəqqəti qəbul etmir və yola salmır. Naməlum pilotsuz uçuş aparatlarının səmada uçuşlarının qeydə alınması səbəbindən hava limanı bağlanıb.
Litvanın əsas hava limanının saat 16:30-dək bağlı qalacağı gözlənilir.