• 20 °C
|

Tayvan ayın sonunadək ABŞ-dan daha altı F-16 qırıcısı ala bilər

14 Oktyabr 2026
img

Tayvan oktyabrın sonunadək ABŞ-dan altı yeni F-16V qırıcısı ala bilər.

APA xəbər verir ki, bu barədə Tayvanın müdafiə qurumunun rəhbəri Qu Lisün (Vellinqton Qu) məlumat yayıb.

“Taipei Times” qəzetinin məlumatına görə, ABŞ-dan sifariş edilən 66 ədəd F-16V Block 70 qırıcısından altısı zavod yoxlamalarından keçib və istehsal xəttindən çıxarılıb.

Qu Lisün yeni təyyarələrin cari ayın sonunadək Tayvana çatdırılacağına ümid etdiyini bildirib.

Qeyd olunub ki, daha iki F-16 qırıcısı oktyabrın 2-də Tayvana gətirilib.

Xatırladaq ki, Tayvan 2019-cu ildə ABŞ Prezidenti Donald Trampın ilk prezidentliyi dövründə təsdiqlənmiş silah tədarükü proqramı çərçivəsində 66 ədəd F-16 Block 70 qırıcısı sifariş edib.

İlkin plana əsasən, ilk təyyarələr 2023-cü ildə təhvil verilməli idi. Lakin COVID-19 pandemiyası da daxil olmaqla müxtəlif səbəblərdən tədarük gecikib.

Tayvan bütün qırıcıların 2026-cı ilin sonunadək çatdırılacağını gözləsə də, hazırda sifarişin həmin müddətdə tam yerinə yetirilməyəcəyi ehtimal olunur.

Tayvan rəsmiləri ABŞ istehsalı olan hərbi təyyarələrin tədarükündəki gecikmələrdən dəfələrlə narahatlıqlarını ifadə ediblər.