• 20 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Azərbaycanın müstəqil siyasətini, sabitliyini və inkişafını qəbul etmək istəməyən qüvvələrin dini həssaslıqlardan istifadə etmək cəhdləri puça uğrayıb və uğrayacaqdır”

16 Oktyabr 2026
img

Son günlər müxtəlif xarici media resurslarında vahid məktəb geyimiylə bağlı yazılar, paylaşımlar dərc edilir və bunların arasında dini fon verməyə cəhd edənlərdə mövcuddur.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov bildirib.

Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı hörmət şəraitində yaşadığı, dini tolerantlıq ənənələrinin qorunub saxlandığı ölkə kimi tanınıb. Bu gün də dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri insanların dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və cəmiyyətdə qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsidir. İlk dəfə deyilki ölkəmiz xaricdən şər və böhtanla üzləşir.

Azərbaycan Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Eyni zamanda, dövlətimiz cəmiyyətimizin mənəvi həyatında mühüm yer tutan dini dəyərlərə, insanların inancına və ibadət hüququna hər zaman hörmətlə yanaşır. Məhz bu yanaşma ölkəmizdə dini etiqad azadlığının, multikulturalizmin və tolerantlıq ənənələrinin qorunmasına xidmət edir.

Ölkə Başçısının diqqəti və gayğısı nəticəsində dini-mənəvi irsin qorunması, məscidlərin və digər ibadət məkanlarının bərpası, dini abidələrin mühafizəsi istiqamətində mühüm işlər görülür. Hazırda ölkə ərazisində 2389 məscid var, bu məscidlərdə eyni vaxtda 600 min nəfərə yaxın şəxs ibadət edə bilər. Paytaxtımızda yerləşən Heydər məscidi dövlətimizin milli-mənəvi dəyərlərə ehtiramının rəmzlərindən biridir. Regionun ən böyük məscidlərindən biri olan bu möhtəşəm ibadət məkanı həm dini, həm də memarlıq baxımından xüsusi əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş ərazilərimizdə dini və tarixi irsin bərpası da xüsusi diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzurda məscidlərin yenidən qurulması, dini abidələrin bərpası və yeni ibadət məkanlarının inşası Azərbaycanın öz tarixinə, mədəniyyətinə və mənəvi dəyərlərinə sahib çıxdığını nümayiş etdirir. Şuşada inşa edilən yeni məscid də şəhərin tarixi-mədəni simasının bərpasının mühüm tərkib hissəsidir. Bu layihələr işğal dövründə dağıdılmış və zədələnmiş dini irsimizin yenidən dirçəldilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Dövlətimizin din sahəsinə münasibəti yalnız ibadət məkanlarının inşası və bərpası ilə məhdudlaşmır. Azərbaycanda dini təhsil və maarifləndirmə sahəsinin inkişafına da diqqət yetirilir. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, dini sahədə mütəxəssislərin hazırlanması və sağlam dini düşüncənin təşviqi bu istiqamətdə görülən işlərdəndir. Bu yanaşma dini biliklərin elmi əsaslarla öyrənilməsinə, dini dəyərlərin düzgün anlaşılmasına və cəmiyyətimizdə mənəvi həmrəyliyin gücləndirilməsinə töhfə verir.

Azərbaycan İslam dünyası ilə əlaqələrin inkişafına da xüsusi əhəmiyyət verir. Ölkəmiz müsəlman dövlətləri ilə ikitərəfli münasibətləri genişləndirir, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığı möhkəmləndirir. İslam Əməkdaşlıq Təşkilatı və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə əməkdaşlıq, beynəlxalq konfransların və müxtəlif tədbirlərin təşkili Azərbaycanın İslam dünyasında fəal mövqeyini nümayiş etdirir.

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin müsəlman xalqları arasında dostluğun, qarşılıqlı anlaşmanın və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfənin əyani nümunəsidir. Azərbaycan bu cür tədbirlər vasitəsilə yalnız idman sahəsində deyil, həm də xalqlar arasında humanitar əlaqələrin inkişafına xidmət edir.

Türk dünyasında xüsusi mövqeyə malik olan Azərbaycan ortaq tarixi, mədəni və mənəvi dəyərlərin qorunmasına, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir. İslam dünyası ilə əlaqələrimizin və türk dövlətləri ilə münasibətlərimizin inkişafı bir-birini tamamlayan istiqamətlərdir. Bu əməkdaşlıq ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və xalqlar arasında dostluq münasibətlərinin inkişafına xidmət edir.

Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməli, özü yad və zərərli təsirlər altına düşməməli və övladlarını da bu təsirlərdən müdafiə etməlidir.

Azərbaycanın müstəqil siyasətini, sabitliyini və inkişafını qəbul etmək istəməyən qüvvələrin dini həssaslıqlardan istifadə etməyə çalışması puça uğruyub və uğrayacaqdır.