
Fars Körfəzi ölkələri Əməkdaşlıq Şurasının xarici işlər nazirləri oktyabrın 18-də Bəhreynin paytaxtı Manamada keçirilən iclasda Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) terror təşkilatı elan edilməsinin vacibliyini vurğulayıblar.
APA xəbər verir ki, şura üzvləri hərəkatın raketlər və pilotsuz uçuş aparatları əldə etməsinə imkan verən bütün dəstəyin dayandırılmasına çağırıblar.
İclasın yekun bəyanatında husilərin Səudiyyə Ərəbistanına davam edən hücumları kəskin pislənilib. Hücumların mülki hava limanlarını və mühüm infrastrukturu hədəf aldığı, mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olduğu bildirilib.
Şura ölkələrinin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğu vurğulanıb. Həmçinin Yəmənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəstək ifadə edilib, böhranın dialoq və siyasi həll yolu ilə aradan qaldırılmasının vacibliyi qeyd olunub.
Şura İranı bu hücumlara və onların nəticələrinə görə məsuliyyət daşımaqda ittiham edib.