
Kanadanın Alberta əyalətindəki Ueynrayt hərbi bazasında baş verən yanğın nəticəsində 4 hərbçi ölüb, 39 nəfər xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, yaralılardan 19-nun vəziyyəti kritik, 8-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Daha 12 nəfər ambulator müalicə alır. Bu barədə CTV telekanalı Alberta əyalətinin baş naziri Daniel Smitə istinadən məlumat yayıb.
Qeyd edək ki, yanğın oktyabrın 17-də hərbi təlimlər zamanı başlayıb. Kanada ordusunun general-mayoru Ueyd Ratlend bildirib ki, küləyin istiqamətinin qəfil dəyişməsi alovun sürətlə yayılmasına səbəb olub. Yanğın 30–60 saniyə ərzində təxminən bir kilometr məsafəni qət edib və hərbçilər alovun təsiri altına düşüblər.
Kanadanın Baş naziri Mark Karni hadisə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib. Silahlı Qüvvələr yanğının terror aktı ilə əlaqəli olduğuna dair əlamətlərin olmadığını bildirib. Hadisənin səbəbləri araşdırılır.