
Gürcüstanda dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham olunan “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.
Məhkəmə iclasında iştirak edən Dito Çubinidze ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
Qeyd edək ki, jurnalist ötən gün saxlanılıb. İstintaqla müəyyən edilib ki, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə guya “Keşikçidağ” (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycan Respublikasına verdiyini iddia edib. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 4 ilədək həbs cəzası gözləyir.