• 13 °C
|

Göydəniz Qəhrəmanov: “Konstitusiyanın mühüm istiqamətlərindən biri insan amilinə verilən xüsusi dəyərdir”

12 Noyabr 2026
img

“Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi potensialı, siyasi nüfuzu və müdafiə imkanları ilə ölçülmür. Dövlətin uzunmüddətli dayanıqlılığını müəyyən edən başlıca amillərdən biri də ictimai münasibətləri tənzimləyən, hakimiyyətin fəaliyyət çərçivəsini müəyyənləşdirən və vətəndaşların hüquqlarını qoruyan möhkəm hüquqi sistemin mövcudluğudur. Azərbaycan Respublikasının Konstitusiyası məhz belə bir sistemin təməlini qoyaraq, milli dövlətçiliyin qorunması ilə cəmiyyətin demokratik inkişafını vahid məqsəd ətrafında birləşdirən fundamental sənəd kimi çıxış edir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyanın əhəmiyyətini anlamaq üçün həmin dövrün siyasi və tarixi şəraitinə nəzər salmaq vacibdir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirmək, qanunçuluğu möhkəmləndirmək və cəmiyyətdə sabitliyi təmin etmək kimi mürəkkəb vəzifələrlə üz-üzə idi. Ölkənin gələcək inkişafı üçün yalnız siyasi qərarlar deyil, həmin qərarların həyata keçirilməsini təmin edən möhkəm hüquqi mexanizm də tələb olunurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması dövlət quruculuğunun strateji istiqamətlərindən birinə çevrildi.”

Bu ifadələr millət vəkili Göydəniz Qəhrəmanovun mətbuata açıqlamasında yer alıb.

Parlament üzvü bildirib ki, Ümummilli Lider Heydər Əliyev Əsas Qanunun hazırlanmasını yalnız mövcud problemlərin həlli vasitəsi kimi deyil, Azərbaycanın gələcək inkişaf modelinin müəyyənləşdirilməsi baxımından qiymətləndirirdi: “Konstitusiyada demokratik idarəçilik, hakimiyyət bölgüsü, hüququn üstünlüyü və insan hüquqlarının müdafiəsi prinsiplərinin təsbit edilməsi bu yanaşmanın mahiyyətini əks etdirirdi. Hakimiyyət orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsi və vətəndaşların azadlıqlarının təminat altına alınması müstəqilliyin möhkəmləndirilməsinin ayrılmaz şərtləri idi. Konstitusiyanın mühüm istiqamətlərindən biri də insan amilinə verdiyi xüsusi dəyərdir. Əsas Qanunda insan və vətəndaş hüquqlarına, azadlıqlara və onların təminatlarına geniş yer ayrılması dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsaslarını müəyyən edir. Hər kəsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, sosial müdafiə və digər fundamental hüquqlar demokratik cəmiyyətin formalaşması üçün mühüm şərtlərdir. Bu prinsiplərin Konstitusiyada təsbit edilməsi dövlətin vəzifələrini müəyyənləşdirməklə yanaşı, hüquqi məsuliyyət və vətəndaş fəallığı mədəniyyətinin inkişafına da zəmin yaradır. Əsas Qanunun mütərəqqi xarakteri onun dəyişən ictimai-siyasi reallıqlara uyğun təkmilləşdirilməsi imkanlarında da özünü göstərir. 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə həyata keçirilmiş dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və institusional mexanizmlərin yenilənməsi məqsədlərinə xidmət etmişdir. Xüsusilə, 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun yaradılması müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
Azərbaycanın hüquqi dövlət quruculuğunda Konstitusiya Məhkəməsinin fəaliyyəti də mühüm yer tutur. 1998-ci ildə fəaliyyətə başlayan bu təsisat konstitusiya nəzarətinin həyata keçirilməsi, qanunvericilik aktlarının Əsas Qanuna uyğunluğunun yoxlanılması və konstitusion prinsiplərin qorunması baxımından əhəmiyyətli institusional mexanizmdir. Belə təsisatların formalaşdırılması dövlət idarəçiliyində hüquqi təminatların gücləndirilməsinə və Konstitusiyanın ali hüquqi qüvvəsinin qorunmasına xidmət edir.”
Deputat həmçinin qeyd edib ki, “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazilərində konstitusion quruluşun bərpası üçün tarixi şərait yarandı. Bu nailiyyət dövlətin suveren hüquqlarının təmin olunması ilə yanaşı, Əsas Qanunun ölkənin hər bir guşəsində hüquqi qüvvəsinin bərqərar edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin bu mühüm mərhələsinin siyasi və hüquqi mahiyyətini əks etdirirdi. Konstitusiyanın otuz illik yubileyi müstəqilliyin möhkəmləndirilməsi, hüquq sisteminin inkişafı və milli suverenliyin qorunması istiqamətində görülmüş işlərin dəyərləndirilməsi üçün əlamətdar fürsət oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyanın 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də Əsas Qanunun hazırlanmasına, təkmilləşdirilməsinə və aliliyinin təmin olunmasına töhfə verən şəxslərin əməyinə verilən qiymətin ifadəsidir. 12 Noyabr – Konstitusiya Günü dövlətimizin hüquqi əsaslarını, milli iradəsini və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi sənədin əhəmiyyətini bir daha xatırladır. Konstitusiyaya hörmət, qanunların aliliyinə riayət və vətəndaş hüquqlarının qorunması yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Məhz bu prinsiplərin ardıcıl tətbiqi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlət suverenliyinin qorunmasına və hüquqi dövlət quruculuğunun davamlı inkişafına xidmət edir” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sona çatdırıb.