
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zarubişvili arasında danışıqlar formatı davam etdiriləcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Mixail Qaluzinin noyabrın 19-də Minskdə Georgi Zarubişvili ilə görüşünün baş tutduğunu xatırladıb.
Zaxarova bu görüşün Rusiya ilə Gürcüstan arasında birbaşa dialoqun bərpa olunması baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, görüşdə iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər barəsində fikir mübadiləsi aparılıb, bir sıra razılaşmalara nail olunub.
Rusiya XİN sözçüsü Qaluzin-Zarubişvili danışıqlar fotmatının davam etdiriləcəyini bəyan edib.
“O ki qaldı iki ölkə arasında diplomatik münasibətlərin bərpası məsələsinə, Gürcüstan tərəfi belə təşəbbüslə müraciət etməyib”, – Zaxarova əlavə edib.