• 16 °C
|

BMT: 2005-ci ildən bəri silahlı münaqişələrdə uşaqlara qarşı 430 mindən çox ciddi pozuntu qeydə alınıb

26 Oktyabr 2026
img

BMT 2005-ci ildən bəri silahlı münaqişələrdə uşaqlara qarşı 430 mindən çox ciddi pozuntu faktını təsdiqləyib.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Təhlükəsizlik Şurasının “Uşaqlar və silahlı münaqişələr” mövzusunda keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, yalnız 2025-ci ildə 38 mindən çox belə pozuntu təsdiqlənib. Ötən il ən çox ciddi pozuntu Fələstin, Konqo Demokratik Respublikası və Nigeriyada qeydə alınıb. Rassel onu da vurğulayıb ki, bunlar yalnız BMT-nin təsdiqləyə bildiyi faktlardır və problemin real miqyası daha böyükdür.

BMT 2005-ci ildən bəri humanitar yardıma çıxışın məhdudlaşdırılması ilə bağlı 44 mindən çox hadisəni də təsdiqləyib. Onlardan 8 mindən çoxu 2025-ci ildə baş verib. Bu hallar uşaqların həyati əhəmiyyətli tibbi xidmətlərdən məhrum qalmasına, ailələrin isə əsas ehtiyaclarını ödəmək üçün zəruri vasitələrə çıxışının məhdudlaşmasına səbəb olub.

Rasselin sözlərinə görə, 2025-ci ildə uşaqlar arasında təsdiqlənmiş ölüm və xəsarət hallarının 70 faizindən çoxu partlayıcı silahlarla bağlı olub. O, silahlarda süni intellektdən istifadənin artmasının və silahlı pilotsuz uçuş aparatlarının geniş yayılmasının uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurduğunu bildirib.

UNICEF rəhbəri əlavə edib ki, indiyədək münaqişə tərəfləri ilə 40-dan çox fəaliyyət planı imzalanıb, azad edilmiş 220 mindən çox uşağa isə həyatlarını yenidən qurmaq imkanı yaradılıb.