
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ administrasiyasının mayın 1-də imzaladığı və üçüncü ölkələrin Kubaya neft ixracını qadağan edən fərmanını qeyri-qanuni və cinayət xarakterli addım adlandırıb.
APA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Dias-Kanel bildirib ki, Kubaya yanacaq satmaq istəyən üçüncü ölkələri hədəf alan qərar ABŞ-ın adaya qarşı tətbiq etdiyi iqtisadi blokadanı görünməmiş səviyyəyə çatdırır. Onun sözlərinə görə, bu addım Kubaya investisiya qoymaq və ya ərzaq, dərman, gigiyena vasitələri kimi vacib məhsullar göndərmək istəyən şirkətlərin cəzalandırılmasına yönəlib.
Kuba lideri qeyd edib ki, Kuba xalqına qarşı tətbiq olunan kollektiv cəza “soyqırımı aktıdır” və beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır. O, qərarın təşəbbüskarlarının məsuliyyətə cəlb olunmalı olduğunu vurğulayıb.
Dias-Kanel əlavə edib ki, Kuba rəhbərliyinin və dövlət qurumlarının ABŞ yurisdiksiyasında qorunacaq heç bir aktiv və ya əmlakı yoxdur. Onun sözlərinə görə, Vaşinqton bunu yaxşı bilir, lakin anti-Kuba ritorikası iqtisadi təzyiqləri əsaslandırmaq üçün istifadə olunur.