
Hindistan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) uçuş zamanı manevr etmək və trayektoriyasını dəyişmək qabiliyyətinə malik “Pralay” kvaziballistik raketinin uğurlu sınağını keçirib.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaq Hindistanın şərqindəki Odişa ştatının sahillərində raketin silahlanmaya qəbulundan əvvəl texniki göstəricilərinin qiymətləndirilməsi çərçivəsində baş tutub. Müdafiə Nazirliyi bütün sınaq tapşırıqlarının yerinə yetirildiyini bildirib.
Hindistanın müdafiə naziri Racnat Sinqx sınağın ölkənin müdafiə potensialının gücləndirilməsi baxımından mühüm mərhələ olduğunu qeyd edib.
“Pralay” mobil, yer-yer tipli kvaziballistik raketdir. Onun təkmilləşdirilmiş versiyası uçuş trayektoriyasını dəyişmək qabiliyyətinə malikdir. Raket 350-700 kiloqram ağırlığında qeyri-nüvə döyüş başlığı daşıyır və 150-500 kilometr məsafədəki hədəfləri vura bilir.
Raket rabitə mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini və hərbi aerodromları adi döyüş başlığı ilə məhv etmək üçün nəzərdə tutulub. Onun uçuş məsafəsinin gələcəkdə artırılması mümkündür. DRDO raketin hazırlanması üzərində 2015-ci ildən işləyir.